Seysmoloji tədqiqatların nəticələrinin bina və qurğuların inşası və digər zəruri sahələrdə nəzərə alınması vacibdir
Son günlər müxtəlif ölkələrdən, müxtəlif gücdə zəlzələ xəbərləri gəlməkdədir. Məsələn, bu ilin martın 4-də Yeni Zelandiya sahillərində 7,3 bal gücündə zəlzələ qeydə alınıb. Həmin tarixdə Kermadec arxipelaqı sahillərində - Sakit okeanda 8.0 bal gücündə zəlzələ olub. Martın 4-də Yunanıstanda baş verən 6 bal gücündə zəlzələ nəticəsində isə çoxlu sayda insan yaşayış yerini itirib. Evləri dağılmış insanlar hələ də çadırlarda gecələmək məcburiyyətində qalıblar. Bəs görəsən, Azərbaycanda seysmoloji vəziyyət necədir? Respublika ərazisində güclü zəlzələ ehtimalı varmı? Bu və digər suallar ətrafında “Həftə içi” qəzetinin müsahibi Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişlidir.
- Qurban müəllim, hazırda Azərbaycanda seysmoloji vəziyyəti necə qiymətləndirirsiniz?
- Hazırda Azərbaycan ərazisində seysmiklik normal, fon səviyyəsindədir.
- Ötən il Azərbaycanda nə qədər zəlzələ qeydə alınıb? Ümumiyyətlə, gün ərzində ölkə ərazisində təxminən nə qədər zəlzələ qeydə alınır?
- 2020-ci ildə respublika ərazisində 4030 yeraltı təkan qeydə alınmışdır. Gün ərzində 45 yeraltı təkan, bunladan 25-i ölkə ərazisində qeydə alınır.
- Ötən illərlə müqayisə etsəniz, Azərbaycanda qeydə alınan zəlzələ sayında artım varmı?
- 2020-ci illə müqayisədə Azərbaycanda qeydə alınan zəlzələlərin sayında artım yoxdur.
- Azərbaycanda seysmik cəhətdən ən aktiv zonalar hansılardır? Hazırda həmin ərazilərdə vəziyyət necədir?
- Azərbaycanda seysmik cəhətdən aktivliyi ilə seçilən zonalar çoxdur. Onlardan Şamaxı-İsmayıllı, Talış dağlıq zonası, Xəzərin şimal və mərkəzi hissələri, Zaqatala-Balakən, Gəncə, Kəlbəcər zonalarını və bir sıra digər aktiv bölgələri göstərmək olar.
- Paytaxtın seysmik qiymətləndirilməsi sonuncu dəfə nə vaxt aparılıb?
- Bakı şəhəri kifayət qədər yüksək seysmik təhlükə səviyyəsi ilə - MSK-64 şkalası üzrə 8 balla səciyyələnir. Bu fonda şəhərin ayrı - ayrı sahələrində daha yüksək - 9 bal seysmik təhlükəli sahələr də ayrılır. Seysmik təhlükənin qiymətlənləndirilməsində geoloji - tektonik amillərlə yanaşı, sahələrdəki mühəndis-geoloji, hidrogeoloji və başqa yerli qruntları səciyyələndirən bir sıra parametrlər mühüm əhəmiyyət kəsb edir. Bir neçə il əvvələ qədər Bakıda aparılan tikinti sahələrindəki seysmikliyi dəqiqləşdirmək məqsədilə tikinti şirkətlərinin bizim Seysmoloji Mərkəzə təqdim etdiyi həmin parametrlər tikinti sahələrində seysmik təhlükəni dəqiq qiymətləndirməyə imkan verirdi. Lakin son bir-iki ildə bizə tikinti sahələrindəki seysmikliyi dəqiqləşdirmək məqsədilə müraciətlər olmadığından Bakı şəhəri ərazisində yeni sahələrdə seysmikliyin qiymətləndirilməsi işləri aparılmır.
- Bəs, hazırda bu istiqamətdə hansı işləri görürsünüz?
- Hazırda 2000-2017-ci illərdə Abşeron yarımadası, xüsusən də Bakı şəhərində tikinti aparılmış yüzlərlə sahələrdə seysmikliyi dəqiqləşdirməsi məqsədilə bizə təqdim edilmiş zəruri məlumatlar əsasında paytaxtın seymikliyinin yenidən analizi və mümkün qanunauyğunluqların müəyyənləşdirilməsi üzrə tədqiqatlar davam etdirilir.
- Sizin mərkəz tərəfindən təkcə yeni tikilmiş binaların deyil, bu vaxtadək tikilmis binaların zəlzələyə dözümlülüyünün monitorinqi aparılıbmı?
- Əvvəllər inşa olunmuş binaların monitorinqi və onların seysmik dayanıqlılığnın qiymətləndirilməsi bizim səlahiyyətlərimizə aid deyildi və biz belə işlər aparmırıq.
- İstər Bakıda, istərsə də respublikanın digər ərazilərində binalar tikilməmişdən əvvəl ərazilərin seysmik aktivliyi müəyyən edilir. Yeni tikilən binaların zəlzələyə davamlılığı barədə nə deyə bilərsiniz?
- Biz yeni tikilən binaların yerləşdiyi sahələrdə seysmikliyin qiymətləndirilməsi işləri aparırdıq. Lakin hazırda bu işlər aparılmır. Həmin binaların tikintisinə və zəlzələyə davamlılığına FHN tərəfindən nəzarət edilir.
- Səhv etmirəmsə, bir neçə il bundan əvvəl Almaniyanın Yer Elmləri Araşdırma Mərkəzi ilə birlikdə bu istiqamətdə monitorinqlər aparmalı idiniz. Həmin monitorinq aparıldımı? Binaların zəlzələyə dözümlülüyü barədə rəyiniz nədən ibarət oldu?
- Bəli, belə bir təşəbbüs var idi və biz bununla bağlı müəyyən müzakirələr də aparmışdıq. Amma maliyyə problemlərinə görə bu məsələ açıq qaldı.
- Bu gün Azərbaycanda nə qədər seysmoloji stansiya var və mövcud stansiyalar baş verən prosesləri tam şəkildə izləməyə imkan verirmi?
- Hazırda respublika ərazisində 35-i daimi olmaqla 62 seysmik stansiya fəaliyyət göstərir. Daha 22 seysmik stansiyanın quraşdırılması nəzərdə tutulub və həmin stansiyalar quaşdırıldıqdan sonra stansiyalarımızın sayı 84-ə çatacaq. Bu da bizim tədqiqatlarımızın keyfiyyətini daha da artıracaq. Gələcəkdə seysmik monitorinq şəbəkəsinin daha da genişləndirlməsi də ola bilər. Lakin bu hələ gələcəyin işidr.
- Azərbaycanda güclü zəlzələ ehtimalı gözlənilirmi?
- Azərbaycan ərazisi seysmik cəhətdən aktiv olan bölgədir. Burada keçmişdə dəfələrlə dağıdıcı və güclü zəlzələlər baş vermişdir. Son illərdə ortagüclü, bir sıra dağıntılara səbəb olan zəlzələlər də qeydə alınır. Belə zəlzələlərə 2012-ci ildə Zaqatala - Balakən, 2019-cu ildə Şamaxı-İsmayıllı bölgələrində çoxsaylı evlərin çatlaması, zədələnməsi və dağılmasına səbəb olan zəlzələləri misal göstərmək olar. Seysmologiya elmində məlum qanunauyğunluqlar deməyə əsas verir ki, nə zamansa Azərbaycanda gələcəkdə güclü zəlzələ ola bilər. Bu isə onu göstərir ki, Azərbaycanda seysmoloji tədqiqatların aparılması və alınan nəticələrin bina və qurğuların inşasında, seysmik riskin qiymətləndirilməsində və s. zəruri sahələrdə nəzərə alınması vacibdir. Əks təqdirdə, gələcəkdə daha böyük problemlərlə üz-üzə qala bilərik.
- Müasir seysmologiya zəlzələni nə dərəcədə dəqiq və tez ölçə bilir?
- Zəlzələ ilə bağlı məlumatlar müasir emal proqramları vasitəsilə emal olunur. Bundan sonra ictimaiyyətə məlumat verilir. Biz ən müasir cihaz və avadanlıqlardan istifdə edirik. Demək olar ki, bu sahədə dünyanın aparıcı ölkələri ilə Azərbaycan eyni səviyyədədir. Bunu Bakıya səfərləri zamanı xarici qonaqlar özləri də deyirlər. MDB məkanında isə bizim şəbəkə liderdir və təbii ki, bütün bunlar mərhum Ulu Öndərimizin və möhtərəm cənab Prezdentimizin bu sahəyə davamlı dəstək və qayğısı sayəsində mümkün olmuşdur. Çalışırıq ki, məlumatlar maksimum dərəcədə operativ olaraq insanlarımıza çatdırılsın. Lakin yenə də bildirmək istəyirəm ki, zəlzələni əvvəlcədən dəqiq proqnozlaşdırmaq qeyri-mümkündür.
- Bəs, bugünkü texnologiyalar zəlzələnin baş verəcəyi ilə bağlı dəqiq proqnoz yürütməyə nə dərəcədə imkan verir?
- Zəlzələnin başvermə vaxtının proqnozu yaxın illərin işi deyildir. Dünyada yüzlərlə zəlzələ xəbərvericiləri istifadə olunsa da, bir nəticə əldə olunmamışdır. Müasir texnologiyalar seysmik təkanların yüksək dəqiqlikə qeydə alınmasına, seysmik dalğaların rəqəmsal metodlarla hərtərəfli analizinə və s. məsələlərin həllinə geniş imkanlar açır. Proqnoz isə tamam başqa problemdir və onun həlli üçün zəruri məlumatların özləri qeyri-müəyyəndir.